Türkmən Xalçası Günü münasibətilə Ümumdünya Türkmən Əl İşi Xalçaçılığı Həvəskarları Təşkilatının XXI konfransı və “Türkmən xalçası - gözəllik nümunəsi” adlı beynəlxalq konfrans keçirilib.
Türkmən Xalçası Günü münasibətilə Ümumdünya Türkmən Əl İşi Xalçaçılığı Həvəskarları Təşkilatının XXI konfransı və “Türkmən xalçası - gözəllik nümunəsi” adlı beynəlxalq konfrans keçirilib.
Konfransa Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova onlayn qatılıb. Şirin xanım “Qarabağ xalçalarının gözəlliyi” mövzusunda geniş təqdimatla çıxış edib. O, Azərbaycan xalçaçılıq sənətinin bir çox şah əsərlərinin məhz Qarabağda yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, XV-XVI əsrlərdə kütləvi şəkildə Avropaya ixrac edilən Qarabağ xalçaları Azərbaycan xalçaçılığının dörd regional növündən biridir. Şirin xanım Azərbaycan Milli Xalça Muzeyinin ilk eksponatının da məhz Qarabağın XIX əsrə aid “Balıq” xalçası olduğunu vurğulayıb. Bu gün Qarabağ xalçalarının dünyanın məşhur muzeylərini və şəxsi kolleksiyaları bəzədiyini söyləyib.
Ş.Məlikova konfrans iştirakçılarına Qarabağın ən məşhur “Xətai”, “Əjdahalı”, “Malıbəyli”, “Qasımuşağı”, “Bəhmənli”, “Çələbi”, “Ləmpə” və s. xalçalarının kompozisiyaları, simvol və ornamentlərinin semantik mənası haqqında ətraflı çıxış edib. Qarabağda toxunan xovlu xalçalarla yanaşı, xovsuz xalçalar - kilim, cecim, şəddə, vərni, zili və s. ilə bağlı da məlumat verib.
Şirin xanım “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işləri diqqətə çatdırıb, həmçinin ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın xalçaçılıq sənətinin şedevrlərinin vətənə qaytarıldığını bildirib. O, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasındakı ən dəyərli eksponatlardan birinin 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən muzeyə bağışlanan Qarabağın XVII əsrə aid “Xətai” xalçası olduğunu vurğulayıb.
Şirin Məlikova Azərbaycan xalçasının milli və dünya mədəniyyəti üçün qiymətsiz xəzinə olduğunu söyləyib.
Qeyd edək ki, konfransda Türkmənistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Almaniya, Birləşmiş Ərəb Əmirliyindən olan mütəxəssislər də çıxış edib.