Dəbbə
Qarabağlıların zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onların həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Belə sahələrdən biri misgərlikdir. Yarımköçəri həyat tərzi sürən əhali süddən geniş çeşiddə ağartı məhsulları hazırlayırdı. Bu məhsulları müxtəlif növ mis qablarda yığıb saxlayırdılar. Onlardan biri də dəbbədir. Bu qabdan məişətdə daha çox süd, su, yağ saxlamaq üçün istifadə edirdilər. Bu kimi axıcı qidaları daşımaq üçün yumru, şişkin formalı, dar ağızlı, qapaqlı, dəridən, ya misdən hazırlanmış dəbbə əvəzedilməz idi.
Azərbaycan Milli Xalça Muzeyində saxlanılan XX əsrə aid dəbbə yüksək bədii tərtibata malikdir. Mis qab üfüqi zolaqlara bölünərək həndəsi və nəbati naxışlarla zəngin bəzədilib.
Dəbbə qapağı ilə. Qarabağ, Azərbaycan. ХХ əsr. Mis. Döymə, cızma. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası