Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı keçirilib.

İyunun 24-də Azərbaycan Milli Xalça Muzeyində​ Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə məşhur silah ustası Emin Məmmədovun muzeyə bağışladığı iki xəncərin təqdimatı keçirilib. Bu sənət əsərlərinin müəllifi E.Məmmədov Kanadada yaşayıb fəaliyyət göstərsə də,​ Azərbaycan silahsazlıq sənəti ənənənələrini yaşadır, bu sənətkarlıq nümunələrinin hazırlanması, tədqiqatı və təbliğatı ilə məşğul olur. Sənətkar Aleksandr Voloviklə birlikdə nəfis tərtibatı və məlumatların zənginliyi ilə maraq doğuran “The Azerbaijan Armourer’s Art” (“Azərbaycan silah sənəti”) kitabının müəllifidir. E.Məmmədov YUNESKO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan “Culture for Peace” (Mədəniyyət sülh naminə) müsabiqəsində I yer tutub.

Azərbaycanın ənənəvi bədii silah işi ustası E.Məmmədovun muzeyimizə hədiyyə etdiyi xəncərlərdən biri Şamaxı silahsazlıq ənənələri əsasında hazırlanıb. Xəncərin qını böyük maraq doğurur. Onun yuxarısında ibadət edən zadəgan kişi, aşağı hissəsində isə milli geyimli bəy və gəlin, həmçinin zəngin nəbati naxışlar həkk olunub. Xəncərin tiyəsindəki kətəbələrin içərisində ərəb əlifbası ilə xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” sözləri həkk olunub.

İkinci xəncərin bədii quruluşu isə Qacar dövrünün silahları üçün xarakterikdir. Onun qını və dəstəsi gümüşlə inkrustasiya olunmuş, zərif buta və digər nəbati naxışlarla bəzədilib. Xəncərin tiyəsində ərəb əlifbası ilə kətəbələrin içərisində xəncər ustasının adı “Emin Məmmədov” və “Azərbaycan” yazısı həkk olunub.

Müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən bu dəyərli əsərlər muzeyimizin kolleksiyasına daxil edilib və daimi ekspozisiyada öz layiqli yerini tutur.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova,​ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Telman İbrahimov, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov çıxış ediblər.

Sonda tədbir iştirakçıları müasir dövrdə qədim sənət ənənələrimizin yaşadığını sübut edən xəncərlərə​ muzeyin “Zərgərlik” fondunda tamaşa ediblər.