Çeçenistan Respublikasının Qroznı şəhərində A.A.Aydəmirov adına Milli Kitabxanada “Avropa və Asiya qovşağında Qafqaz: tarixi-mədəni və təbii irsin qorunması problemləri” adlı II Beynəlxalq elmi-praktiki konfrans keçirildi.
17-18 iyul tarixlərində Çeçenistan Respublikasının Qroznı şəhərində A.A.Aydəmirov adına Milli Kitabxanada “Avropa və Asiya qovşağında Qafqaz: tarixi-mədəni və təbii irsin qorunması problemləri” adlı II Beynəlxalq elmi-praktiki konfrans keçirildi. Tədbirin təşkilatçıları – Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Çeçenistan Respublikasının Mədəniyyət Nazirliyi, D.S. Lixaçov adına Rusiya Mədəni və Təbii İrs Elmi-Tədqiqat İnstitutu, “Rusiya Bərpaçıları Assosiasiyası” Qeyri Kommersiya Partnyorluğudur.
Konfransda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova “Azərbaycan Milli Xalça Muzeyinin təcrübəsində qədim toxuculuq və tikmə texnologiyalarının dirçəldilməsi” adlı məruzə ilə çıxış etdi.
Maddi və qeyri-maddi mədəni irsin qorunması və istifadəsi sahəsində Rusiya və xarici ölkələrin təcrübəsi, abidələrin bərpası zamanı tətbiq olunan ənənəvi və müasir texnologiyalar və digər məsələlər üzrə sessiyalarda Moskva, Sankt-Peterburq, Qroznı və digər bölgələrdən qatılan nümayəndələr iştirak etdilər.