Geyim mədəniyyətinin və yaradıcılığının bayramı sayılan Selvedge 2021 Dünya Satış Sərgisi 31 avqust tarixində öz işinə başlayıb.

Geyim mədəniyyətinin və yaradıcılığının bayramı sayılan Selvedge 2021 Dünya Satış Sərgisi 31 avqust tarixində öz işinə başlayıb.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova sentyabrın 4-də sərgi çərçivəsində təşkil olunan “Yaradıcılıq günü” proqramının sessiyasına moderatorluq edib. Onlayn şəkildə keçirilən sessiyada Finlandiyadan tekstil üzrə rəssam Maya Esko, Hindistandan tekstil üzrə dizayneri Şayviya Qupta, Şri Lankanın BAREFOOT dizayn və tekstil evindən Dominik Sansoni, Meksikadan yerli toxuculara və sənətkarlara dəstək olan hüquq müdafiəçisi Patris Perilli maraqlı təqdimatlarla çıxış ediblər.

Şirin xanım sessiyada Azərbaycan mədəniyyətinin simvolu, xalqımızın həyat tərzində əsas rol oynayan xalça sənəti haqqında məlumat verib. O, iştirakçılara muzeyin yeni layihələri, inklüziv proqramları, boyama sənətinin inkişafı və qədim xalçatoxuma texnikalarının dirçəldilməsi istiqamətində fəaliyyətindən ətraflı bəhs edib.

Sonra izləyicilər muzeyin Beynəlxalq Əlaqələr və İnnovasiyalar Departamentinin müdiri Firahnaz Musayevanın bələdçiliyi ilə dünyanın ilk Xalça Muzeyinə virtual tura dəvət olunublar. Xalq rəssamı Eldar Mikayılzadə ilə isə onun emalatxanasında onlayn görüş təşkil edilib. Xalçaçı-rəssam ölkəmizdə xalçaçılıq ənənənələrinin yaşadılması, inkişaf etdirilməsi haqqında məlumat verib, həmçinin yeni yun və ipək xalçaların toxunma prosesini nümayiş etdirib.

24 saat davam edən “Yaradıcılıq günü” proqramında Yeni Zelandiya, Honq-Konq, Yaponiya, Hindistan, Misir, Avstriya, Böyük Britaniya, Kolumbiya, Çili, Meksika, Kanadadan sənətkarlar təmsil olunublar.

Qeyd edək ki, geyim mədəniyyətinin və yaradıcılığının bayramı sayılan Selvedge Dünya Satış Sərgisi 5 sentyabr 2021-ci il tarixinədək davam edib. Sərgidə 75 ölkədən 150-dən çox sənətkar öz milli mədəni irsini, tekstil ənənələrini öz kolleksiyaları vasitəsilə nümayiş etdiriblər.