“British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri Frensis Qardener-Trexo və fəaliyyəti başa çatan ölkə üzrə rəhbəri Samr Şah Azərbaycan Milli Xalça Muzeyində olub.

“British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri Frensis Qardener-Trexo və fəaliyyəti başa çatan ölkə üzrə rəhbəri Samr Şah Azərbaycan Milli Xalça Muzeyində olub. Qonaqları muzeyin direktoru Şirin Məlikova qarşılayıb. Onlar  Azərbaycan Milli Xalça Muzeyi ilə “British Council” arasındakı sıx əməkdaşlıq əlaqələrindən, həyata keçirilən önəmli layihələrdən söhbət açıblar. Şirin xanım birgə təşkilatçılıq nəticəsində Vilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr edilmiş “Şekspir xalçalarda” adlı müsabiqənin keçirilməsini, həmçinin qaliblərinin eskizləri əsasında toxunan  xalçaların “British Council” tərəfindən muzeyimizə hədiyyə edilməsini iki ölkə arasında mədəni münasibətlərin inkişafına töhfə verən hadisələr kimi xatırladıb. Həmçinin muzeylərdə inklüzivliklə bağlı layihələrin reallaşdırılması istiqamətində qarşılıqlı əməkdaşlıq şəraitində görülən işləri yüksək qiymətləndirdiyini vurğulayıb.  

 “British Council” təşkilatının yeni rəhbəri Frensis Qardener-Trexo isə təşkilat və Azərbaycan Milli Xalça Muzeyi arasındakı yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi üçün çalışacağını diqqətə çatdırıb.

Təşkilatın Azərbaycan üzrə fəaliyyəti başa çatan rəhbəri Samr Şah isə “British Council”ın bundan sonra da yaxın tərəfdaşlarından biri kimi muzeyimizlə bir çox böyük layihələrə imza atacağına inandığını bildirib.

 Sonda Şirin xanım Samr Şaha fəaliyyətdə olduğu müddətdə Azərbaycan və Böyük Britaniya arasında mədəni əlaqələrin inkişafına, həmçinin Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlığa töhfə verdiyinə görə təşəkkürünü bildirib və onun muzeyi növbəti dəfə ziyarət etmək arzusunu böyük məmnunluqla qarşılayıb. Ş.Məlikova qonaqları muzeydə nümayiş olunan dəyərli sənət əsərləri ilə tanış edib.