Azərbaycan Milli Xalça Muzeyində Qarabağın “Çələbi” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi mərasimi keçirilib.
Azərbaycan Milli Xalça Muzeyində Qarabağın “Çələbi” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi mərasimi keçirilib.
Muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan bu xalça 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş etdirilən unikal xalçanın tam replikasıdır.
Xalçada ara sahənin mərkəzində “Çələbi” xalçalarına xas eyni quruluşlu iki göl elementi verilib. Qarabağ xalçaçılığında geniş yayılmış “Günəş” və ya “Çələbi” adlı göl elementi hər tərəfə şüalarını yayan günəşin rəmzi olub, həm də ilahi nura işarədir. On iki ləçəkli oxşəkilli göl elementi XIV – XVI əsrlərin peşəkar rəssamlarının yaratdıqları medalyonları təqlid edir və Qarabağ növlü xalçaların digər qrupları arasında da istifadə olunurdu. Əsasən “Əjdahalı” xalçaların bədii quruluşunda xüsusi yer tuturdu.
Qarabağın “Əjdahalı” xalçalarının rəng koloritini bu xalçada da müşahidə etmək olar. Göllərin və naxışların əsasən ağ və qırmızı yerlik üzərində verilməsi onları daha da əlvan və şux edib. Xalça yüksək keyfiyyətli toxunuşu, kompozisiya quruluşunun dəqiqliyi və özünəməxsus, mükəmməl rəng tərtibatı ilə seçilir.
“Çələbi” adlı xalça kompozisiyası Qarabağın ətraf kəndlərində, o cümlədən Bərdənin 10 km şərqində yerləşən Çələbi kəndində toxunurdu. Görkəmli xalça tədqiqatçısı Lətif Kərimovun fikrinə əsasən, türk xalqlarında “Çələbi” sözü bəy, əfəndi, həmçinin yüksək mənsəb sahiblərinə verilən fəxri titul idi.
Qeyd edək ki, xalça kəsimi mərasiminə Serbiya, Türkmənistan və Əlcəzairin ölkəmizdəki səfirliklərinin nümayəndələri, Almaniyadan qonaqlar və mərasimdə iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər qatılıblar.