“Bədii metal” kolleksiyasının ilk eksponatı – sərpuşu təqdim edirik.
Əziz dostlar,
Muzeyimizin ad günü münasibətilə “Bədii metal” kolleksiyasının ilk eksponatı – sərpuşu təqdim edirik.
Sərpuş əsasən şəhər ailələri arasında dəbdə olmuşdur. İsti xörəklər üçün istifadə olunduqda, qidanın soyumaması üçün nimçənin üstü sərpuşla örtülərdi. Təqdim olunan sərpuş formasının gözəlliyi, üzərindəki bəzək tərtibatının zənginliyi ilə fərqlənir.
Orta sahədə medalyonlarda fil, aslan, digər heyvan təsvirləri və nəbatı ornamentlər həkk olunub. Sərpuşun yuxarı və aşağı haşiyələrində Hafizin qəzəlindən fraqment verilmişdir:
Qabın üzərindən sərpuşu qaldır ki,
Yar xörəkdən yesin.
Bu qab həmişə nemətlə dolu olsun.
Daima qonaqlıqda söhbət olsun.
Kim ki, xörək yedi, yəqin deyər,
Bu xörəyin sahibinə rəhmət olsun.
Sərpuş. Lahıc, Azərbaycan. ХIХ əsrin ortaları. Mis. Döymə, cızma. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası