Qalxan

Əziz dostlar,
Silahlı Qüvvələr Gününə həsr edilmiş həftədə təqdim etdiyimiz növbəti eksponat kolleksiyamızda mühafizə olunan qalxandır. Döymə üsulu ilə işlənmiş dəyirmi formalı polad qalxan öz gözəl bədii tərtibatı ilə seçilir. Onun qabarıq şəkilli mərkəzi hissəsinin əsas bəzəyini dairə və səkkiz yumurtavari kətəbə təşkil edir. Onların içərisi ov, ziyafət səhnələri, döyüşçülərin təsvirləri ilə bəzədilmişdir. Qalxan üzərində dörd bərkidici vasitə ləçəkli gül formasını xatırladır. Mərkəzi dairə isə kufi xətti ilə işlənmişdir. İncə rəsm, ornament və xəttatlıq sənətinin mükəmməl vəhdəti ilə seçilən bu kompozisiyanı kalliqrafik yazılardan ibarət haşiyə tamamlayır.
Qalxan. XVIII əsrin sonu – XIX əsrin əvvəli. Polad. Döymə. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası