Quranqabı
Əziz dostlar!
Sizə “Parça, tikmə, geyim” kolleksiyamızdan nəfis işləməli Quranqabını təqdim edirik.
Azərbaycanlıların məişətinin nəzərə çarpan əllə tikilmiş bir detalı (məmulatlarından biri) müqəddəs Quran kitabını saxlamaq üçün olan qablar idi. Quranı evdə “dünyəvi olan hər şeydən” üstün yerləşdirmək üçün yerdən mümkün qədər hündürdə, hər şeydən yuxarıda saxlamağa çalışırdılar. Bu məqsədlə bəzən evlərdə məxsusi olaraq Quran saxlamaq üçün çox hündür bir yerdə xüsusi oyuqlar düzəldirdilər. Təqdim etdiyimiz al atlas astarlı, yaşıl qanauzdan olan Quranqabı rənglərinin neytral olmasına baxmayaraq, olduqca zərif bəzəyi ilə seçilir. Tünd -yaşıl parçanın səthi hər birinin içərisinə qızılı saplarla dairə tikilmiş romblara bölünüb. Qapağın və aşağı tərəfinin kənar xətti boyunca bu dairələr öz aralarında ornamentin kiçik əyri elementləri ilə birləşdirilib. Metal sapların fərqli çalarları məmulatın koloritinə rəngarənglik bəxş edir.
Quranqabı. Bakı, Azərbaycan. XIX əsrin sonu.
Atlas, qanauz. Güləbətin. İnv. № 4013