Qadın geyim dəsti (arxalıq və ətək)
Əziz dostlar,
Muzeyimizin Şuşa filialında qorunan qadın geyim dəstini – yaraşıqlı arxalıq və ətəyi sizə təqdim edirik. Bu dəst pambıq astarlı, üzəri qızılı rəngli butalarla bəzədilmiş zərxara adlı qiymətli parçadan hazırlanmışdır.
Qarabağ arxalıqlarını fərqləndirən əsas cəhətləri – yaxasının buta və ya oval “oyma” formalı olması, qatlama ətəyi və nilufər (yelpazəli) qolları idi. Arxalığın nilufər qolları dirsəyə qədər düz, dirsəkdən aşağıya doğru genişlənən biçim üsuluna malikdir. Geyimin şax durması üçün bel qurşağının yanına yonulmuş yastı çubuq dikinə tikişlə bənd edilib.
Azərbaycanlı qadınların qurşaqdan aşağı üst geyimi topuqlara çatan ətək (tuman) olmuşdur. Ətək “taxta” adlandırılan 10–12 hissə parçadan tikilirdi.
Qadın geyim dəsti (arxalıq və ətək). Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Zərxara, pambıq. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası