Arxalıq

Əziz dostlar,
Muzeyimizin Şuşa filialının kolleksiyasından yaraşıqlı geyim nümunəsi olan arxalığı təqdim edirik. Arxalıq Azərbaycanda ən geniş yayılmış geyimlərdən hesab edilirdi. Adından göründüyü kimi, arxalıq qadınların sinə nahiyyəsini açıq saxlayaraq bədənin kürək hissəsini tamamilə örtürdü. Astarlı çiyin geyimi olub, əsasən tirmə, tafta, məxmər, atlaz, xara, zərxara kimi bahalı parçalardan tikilirdi. Kasıb qadınların arxalığı isə ucuz pambıq parçalardan olurdu. Bel kəsiyinin formasına, yaxa və ətəyinin səciyyəsinə görə, qadın arxalıqları bir-birindən fərqlənirdi. Azərbaycanın etnoqrafik bölgələri arasında öz biçim tərzinə, şux rənglərinə görə seçilən Qarabağ geyimləri mühüm yer tutur.
Gördüyümüz nümunə tirmə parçadan hazırlanaraq bafta və qaragözlə bəzənmişdir. 
 
Arxalıq. Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Tirmə. Qaragöz, bafta. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası