Tikmə
Əziz dostlar,
Bu gün sizə xanduz texnikasında işlənilən gözəl tikmə nümunəsini təqdim edirik. Bu cür texnika tarixən Azərbaycanın cənub regionları (Lənkəran, Masallı, Lerik, Astara və s.) üçün xarakterik olub. Xanduz tikmə üsulunda əvvəlcə parçanın toxuma telləri müəyyən qaydada çıxarılıb şəbəkələnir, sonra onun üzəri iynə, iki ədəd qasnaq və müxtəlif rəngli ipək, iplik, yun sap vasitəsilə işlənilir. Xanduz adını o, ilk vaxtlar bu texnikada süfrələrin tikilməsi və yerli dialektdə süfrəyə xan deyilməsindən götürmüşdür.
Tikmənin ara sahəsinin bədii tərtibatında “köhnənaxış”, “ulduzlu”, “arı” və s. kimi qədim naxışlar öz əksini tapmışdır. Təqdim etdiyimiz nümunənin bir tərəfinin geniş haşiyəsi və xalçada olduğu kimi ara sahəsi salamat qalmışdır. Digər tərəfdən isə tikmə səliqə ilə sırıqlanmışdır. Əvvəlcə süfrə kimi işlənmiş bu tikməni sonradan başqa məqsədlə istifadə etmək üçün kəsmişlər.
Eksponat yun saplarla tikilib ki, bu da zahirən onu xalçaya oxşadır.
Tikmə. Azərbaycan. XIX əsrin sonu – XX əsrin əvvəli. Yun. Xanduz. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası