Qələmkar namazlıq
Əziz dostlar,
Sizə kolleksiyamızdan nəfis işləməli qələmkar namazlığı təqdim edirik.
Pambıq parçalar arasında qələmkarlıq məmulatı xüsusi yer tuturdu. Qələmkar namazlıq, süfrə, pərdə, dəsmal və s. yaxın keçmişədək ev məişətinin ən zəruri ləvazimatı sayılırdı. Sənətkarlar naxışları sıx toxunuşlu pambıq parça üzərində təbii boyaqlarla işləyirdilər. Naxış formasından asılı olaraq, qələmkarlıq sənətində ucu müxtəlif ölçülərdə yonulmuş qələm növlərindən istifadə olunurdu.
Qələmkarlıq məmulatının bədii tərtibatındakı naxış motivlərinin inkişafında xalça ornamentlərinin böyük təsiri olmuşdur. Burada süjetli və ornamental motivlərdən geniş istifadə olunurdu.
XIX əsrə aid namazlığın bədii tərtibatı zəngindir. Burada nəbati və həndəsi naxışlardan, mehrab və kətəbə elementlərindən yüksək peşəkarlıqla istifadə olunmuşdur. Kətəbənin daxilində ərəb dilində “Hər şeydən pak olan Allaha həmd olsun” sözləri yazılıb.
Qələmkar namazlıq. Azərbaycan. XIX əsr. Pambıq. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası