Tikmə
Əziz dostlar,
Bu gün kolleksiyamızın yeni incilərindən biri olan nəfis bədii tikmə nümunəsini təqdim edirik. Tikmənin ara sahəsi “Ləçək-türünc” kompozisiyası əsasında işlənilib. Mərkəzi hissədə yerləşən gölün üzərində süsən və qərənfil gülləri, ara sahənin dörd küncündə isə simmetrik olaraq “həyat ağacı” və onun qoruyucusu olan əjdahalar təsvir olunmuşdur. Bu sənət nümunəsinin tünd qəhvəyi məxmərin üstündə işlənməsi rəngarəng ornamentin daha da gözəçarpan olmasına xidmət edir. Tikmənin üzərindəki ornamentlər təkəlduz texnikası və piləklə işlənilib.
Çox güman ki, bu tikmə vaxtı ilə varlı gəlinin cehizinin bir hissəsi olmuş, “nazbalınc” və ya “nazbalış” adlanan böyük yastıqların üzü kimi işlənmişdir. Bir qayda olaraq, ailə başçısı, hörmətli qonaq və ağsaqqal üçün evin buxarı yerləşən hissəsində ayrıca nazbalış qoyulurdu. Nazbalış adətən qu tükündən olub, çox yumuşaq idi.
Tikmə. Şamaxı, Azərbaycan. XVIII əsrin sonu – XIX əsrin əvvəli. Məxmər, yun, pambıq. Pilək, təkəlduz. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası