Çanta
Əziz dostlar!
Sizə “Xalça məmulatları” kolleksiyamızın orijinal eksponatlarından biri olan çantanı təqdim edirik.
Çanta xovlu və xovsuz xalça texnikası ilə toxunan, əsasən dördbucaqlı formaya malik, kiçik ölçülü əl torbasıdır. Az miqdarda və xırda əşyalar qoyub daşımaq üçün istifadə olunur. Qədimdə “qovluq” da adlandırılmışdır. Çiyinə salmaqdan ötrü aşırma bağı olur. Muzeyin kolleksiyasında ölkəmizin müxtəlif bölgələrində toxunan əlvan, mükəmməl bədii tərtibata malik çantalar saxlanılır.
Maraqlı nümunələrdən biri Şirvanda toxunmuş, bədii tərtibatına görə fərqlənən, üzərində sakral xarakter daşıyan rəmzlər və milli geyimli, stilizə olunmuş kişi və qadın fiqurlarının ön görünüşlü təsviri olan çantadır. Kişi fiqurunun yuxarısında quş təsvirləri, qadında isə ikitərəfli daraq təsvir olunub. Bu ailə xoşbəxtliyini isə haşiyə qurşağını təşkil edən elementlər qoruyur. Ola bilsin ki, bu çanta toy münasibətilə toxunmuş və onu ailədə xoş günlərin xatirəsi kimi saxlamışlar.
Çanta. Şirvan, Azərbaycan. XIX əsrin sonu. Əriş, arğac – yun, naxış ipi – yun, pambıq. Keçirtmə, dolama texnikası. İnv. № 1402