Çul

Əziz dostlar,
Muzeyimizin ad günü münasibətilə kolleksiyalardan ilk eksponatları sizə təqdim etməyə davam edirik.
Bu gün “Xalça məmulatları” kolleksiyasının ilk eksponatı – çulu təqdim edirik. Bu xalça məmulatı 18 dekabr 1967-ci ildə muzeyin kolleksiyasına daxil olmuşdur.
Çul müxtəlif minik və ya yük daşıyan ev heyvanlarının belini örtmək, bəzən də bəzək üçün istehsal edilən bədii örtükdür.
Rəngləri bir-birindən fərqli olan üfüqi zolaqlar stilizə edilmiş quş obrazları və “zəncirə” adlı əjdahanın simvolik təsvirləri ilə tərtib olunmuşdur. Ara-sıra bu naxışlarla yanaşı, həm insan təsvirlərinin, həm də müxtəlif kiçik ölçülü ulduzların verilməsi əcdadlarımızın kosmoloji düşüncəsindən qaynaqlanır. Damğalı “tovuz” quşları da mistik düşüncə əlamətləri ilə bağlıdır.
 
Çul. Lənbəran kəndi, Qarabağ, Azərbaycan. XIX əsr. Əriş, arğac – yun, naxış ipi – yun, pambıq. Keçirtmə, dolama texnikası. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası