Quş fiquru.
Əziz dostlar!
Sizə “Zərgərlik” kolleksiyamızdan maraqlı bir eksponatı-boyunbağı üçün nəzərdə tutulan asma bəzəyi təqdim edirik.
Azərbaycanın müxtəlif rayonlarının qəbiristanlıq və insan məskənlərində aparılan arxeoloji qazıntıların materialları göstərir ki, boyunbağılar müxtəlif formalı asma bəzəklərlə tamamlanırdı.
Azərbaycan zərgərlik sənəti nümunələrində ən çox istifadə edilən təsvir motivlərindən biri quşdur. Qədim Azərbaycanda tayfa birliyinin dağıldığı dövrdə nəslin, tayfanın müəyyən heyvanlara olan münasibəti bürünc zərgərlik məmulatları üzərindəki quş (ördək, göyərçin, xoruz və s.) təsvirlərində öz əksini tapmışdır. Quş formasında həmail-asmalar geniş yayılmış, onların əksəriyyətinin içi boş olub, aşağı hissəsində üçbucaqlı dəliklər, bel hissəsində isə ilgək var idi.
Quş fiquru. Azərbaycan. Tunc dövrü. Bürünc. Tökmə. İnv. № 1106