“Aynalı” kəmər

Azərbaycan əhalisinin geyim mədəniyyətində tarixən bəzək və zinət əşyaları xüsusi yer tutmuşdur. Bunlardan biri olan metal kəmərlərdən əsasən şimali Azərbaycanda, həmçinin Qarabağda yayılmış “aynalı” kəmərdir.​ ​
Muzeyimizin Şuşa filialına məxsus olan bu “aynalı” kəmər düzbucaqlı seqmentlərdən təşkil olunmuş qadın kəməridir. Seqmentlərdən hər biri güzgü altlıq üzərində zərif gümüş ornamentlərlə örtülmüşdür və eksponatın adı da məhz bundan irəli gəlir. Fiqurlu toqqa isə şəbəkə texnikası və rəngli qaşlarla bəzədilmişdir.
1987-ci ildə Şuşada muzeyimizin filialı açılmışdır. 1992-ci ildə Şuşa erməni qəsbkarları tərəfindən işğal olundu. İşğaldan bir qədər öncə muzeyin əməkdaşları bu kəmər də daxil olmaqla eksponatların əksəriyyətini Bakıya gətirməyə müvəffəq olmuşdular. Hal-hazırda bu nümunə Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş olunmaqdadır və biz əminik ki, yaxın gələcəkdə adı çəkilən kəmər çoxlu sayda digər eksponatlar kimi Şuşaya – öz evinə qayıdacaqdır!
“Aynalı” kəmər. Azərbaycan. XX əsr.​ Gümüş. Şəbəkə, qarasavad. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası