Bu gün müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

Bu gün müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Bu münasibətlə muzeyimizin kollektivi Fəxri xiyabana gələrək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məzarına gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib. Sonra onlar ümummilli liderin ömür-gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarına gül dəstələri düzüblər.

Bununla yanaşı, Azərbaycan Milli Xalça Muzeyində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova tədbirdə çıxış edərək Ulu Öndərin Azərbaycan mədəniyyətinin inkişafında, o cümlədən xalçaçılıq sənətinin dirçəldilməsində əvəzsiz rolundan danışıb. Diqqətə çatdırıb ki, bu sənətin qorunması və dünyada təbliği məqsədilə xalça muzeyinin yaradılması, onun kolleksiyasının toplanması üçün limitsiz vəsaitin ayrılması məhz Heydər Əliyevin dəstəyi ilə mümkün olub.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev dahi şəxsiyyətin şərəfli həyat yolundan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmizin dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrildiyini vurğulayıb.

Qeyd edək ki, anım günü ilə əlaqədar muzeyimizdə dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş “Milli sərvətimiz” adlı sənədli film, eyni zamanda Xalq rəssamı Kamil Əliyevin müəllifi olduğu portret xalça gün ərzində nümayiş olunacaq.

Ulu Öndərin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!