Ailə günü

Cari ilin 18 mart tarixində Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü ilə “Ailə günü” adlı tədbir keçıriləcək.

“Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək, həmçinin Novruz bayramının yaranma tarixi və Novruz adət-ənənələri haqqında məlumat verməkdir.

Tədbirdə məşhur memar Elçin Əliyevlə görüş, Gülzadə Abdulovanın iştirakı ilə “Bir eksponatın tarixi” layihəsində “Şəbkülah” mövzusunda mühazirə, “İstedad sənsən”, “Arzu ağacı” müsabiqələri, “Öz xalçanı yarat” kompüter proqramı, xalça pazlı, “Bahar qızının iştirakı ilə əyləncəli viktorina”, “Səməni saxla məni”, “Xalçalarda Novruz adət və ənənələrimizi simvol edən elementlər” mövzusunda 40 dəqiqəlik tematik ekskursiyalar, uşaq yazarı Gülzar İbrahimova ilə nağıl saatı, Azərbaycan cizgi filmlərinin nümayişi, “Şəkərburanı naxışla”, “Novruz yumurtasını boya”, “Xına bəzəyi”, “Bahar qızı” yumşaq oyuncağı, bahar çələngi və sehrli açıqcanın hazırlanması kimi bir-birindən maraqlı proqramlar təqdim olunacaq.

Məlumat üçün bildirək ki, “Ailə günü” tədbiri 26 mart tarixinədək, saat 11:00-dan 19:00-dək davam edəcək.