ICOM Azərbaycan Milli Komitəsi möhtəşəm Novruz layihəsini həyata keçirdi

ICOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü, Azərbaycan Xalça Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan xalqının milli bayramı – Novruz bayramına həsr olunmuş maraqlı bir layihə həyata keçirildi.
Layihə çərçivəsində Xalça Muzeyinin və Qala Qoruğunun xanım əməkdaşları tərəfindən Novruz bayramının atributlarından biri olan şəkərbura bişirildi.
ICOM Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikova bildirdi ki, burada əsas məqsəd xalqımızın milli adət-ənənələrini yaşatmaq, qədim bayramımız olan Novruz bayramının keçirilməsi zamanı qədimdən qalan, unudulmaqda olan bir sıra qayda-qanunları, mərasimləri yada salmaq, milli dəyərlərimizi gənc nəslə çatdırmaqdır. Həmçinin, bu gözəl bayramın paylaşmaq, yardımlaşmaq, kütləvilik, birlik kimi əlamətlərini özündə əks etdirən adətlərinə diqqət çəkməkdir.
“Hər bir azərbaycanlı üçün Novruz bayramı bahar fəslinin gəlişi, təbiətin oyanması ilə yanaşı, həm də xalqımızın birlik və paylaşmaq bayramı kimi xarakterizə olunur. Çünki məhz bu bayramda qadınlar, qohumlar, qonşular bir araya gələrək şirniyyatlar, müxtəlif təamlar hazırlayar, daha sonra bir-birlərinə bişirdiklərindən pay-sovqat aparar, hamının süfrəsində mütləq bu şirniyyatlardan olardı. Milli-mədəni, maddi dəyərlərimizin qorunması və yeni nəslə çatdırılması muzey işçilərinin, bütövlükdə hər bir vətənpərvər vətəndaşın ən ümdə vəzifəsidir. Qeyd etmək istəyirəm ki, 2009-cu ildə Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib. Hazırda bu siyahıda bizim bir çox qeyri-maddi mədəni irs nümunələrimizlə birgə Novruz bayramı da yer alır. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın qeyri-maddi mədəni irsinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynamışdır” – deyə Şirin Məlikova bildirib.
Tədbir zamanı hər iki təşkilatın qadın əməkdaşları Azərbaycan milli geyimlərində şəkərburanın hazırlanması prosesini əvvəldən sonadək həyata keçirdilər. Tədbir çərçivəsində bir sıra Novruz adətləri nümayiş etdirildi. Beynəlxalq Muğam Mərkəzinin muğam-triosu tədbirə xüsusilə xoş ab-hava qatdı.
Hazırlanan şəkərburalar kimsəsiz uşaqlar və qocalar evlərinə göndərdildi. Eyni zamanda, Füzuli rayonunun təmas xəttində yerləşən Qazaxlar kəndində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşəbbüsü və təşkilatçılığı, APRA (Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası), “Ulduz” şokolad fabriki və PROAKTİV şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən Novruz bayramı və baharın gəlişi münasibətilə “Kosanın sürprizi” adlı sosial layihə çərçivəsində sözügedən kənddə yaşayan uşaqlar üçün Novruz sovqatı kimi göndərildi.
Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Zeynab Kazımovanın qatıldığı bu tədbirdə Xalça Muzeyinin əməkdaşları tərəfindən hazırlanan şəkərburalar cəbhə kəndində yaşayan uşaqlara sevinc yaşadıb. Zeynab Kazımova muzeyin rəhbərliyi və bütün kollüktivi adından kənd sakinlərini bayram münasibətilə təbrik edib, onlara bol ruzi və əmin-amanlıq arzulayıb.