Azərbaycan Xalça Muzeyi ikinci dəfə “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb

Azərbaycan Xalça Muzeyi dünyada ən məhşur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı 2018” mükafatına layiq görülüb. 2010-cu ildən etibarən verilən “Mükəmməllik sertifikatı” ilə ən yüksək səviyyədə xidmət göstərmiş mədəniyyət ocaqları, otel və restoranlar təltif olunur. Bu mükafata il ərzində TripAdvisor-da səyyahlar tərəfindən çox gözəl rəylərə müvəffəq olmuş turizm obyektləri layiq görülür. Bu sertifikatı əldə etmək üçün ərizə ilə müraciət etmək mümkün deyil. O, saytda milyonlarla insanın müsbət rəyləri əsasında obyektlərə verilir və bununla da “xalqın səsini” ifadə etmiş olur.
Qeyd edək ki, Azərbaycan Xalça Muzeyinə 2017-ci ildə də bu mükafat verilmişdir. Son iki il ərzində muzey həmçinin bir sıra beynəlxalq mükafatlara – 2017-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi - 2018” müsabiqəsində muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə sertifikata layiq görülmüşdür.