“Tarixə və ənənəyə toxunuş” layihəsi iştirakçıları üçün sertifikatlar

Azərbaycan Xalça Muzeyində görmə qabiliyyəti məhdud olan insanlar üçün “Tarixə və ənənəyə toxunuş” adlı layihə başa çatdı.
Bu layihə çərçivəsində fevral ayında əllə toxunmaqla və audio yazı, eləcə də Brayl əlifbası vasitəsilə tanış oluna bilən eksponatlardan ibarət sərgi təşkil olundu. Bundan əlavə həmin müddətdə muzeydə görmə qabiliyyəti məhdud olan insanlar üçün ustad dərsləri keçirildi. Burada muzeyin “Ənənəvi texnoloqiya” şöbəsinin əməkdaşları xalça toxuma və eskizlərin hazırlanma qaydalarını öyrətdilər. Kurs başa çatdıqdan sonra sertifikat təqdimetmə mərasimi keçirildi. Burada iştirak etmiş, yeni bilik və bacarıqlar əldə edənlər Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova tərəfindən sertifikatlar və yaddaqalan hədiyyələrlə təltif olundular. O, iştirakçlıları təbrik edib, onlara gələcəkdə uğurlar arzu etdi. “Tarixə və ənənəyə toxunuş” adlı layihənin təşkilatçılarından biri olan şairə Nigar Həsənzadə ustad dərslərin iştirakçılarına peşəkar hazırlıq imkanı yaratdıqları üçün muzeyin rəhbərliyinə öz minnətdarlığını bildirdi.