Azərbaycan Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərginin açılış mərasimi keçirilib

Oktyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərginin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunan tədbiri muzeyin direktoru Şirin Məlikova açıb. 
Şirin xanım ömrünü xalça sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına həsr etmiş dahi sənətkarın yaradıcılığından danışıb: “Rəssamın yaratdığı portret-xalçalar mədəniyyətimizin qızıl fondunun inciləridir. Kamil Əliyevin misilsiz nailiyyəti – xalçanın səthində realistik, sanki canlı insan obrazını yaradan ən incə rəng, işıq-kölgə çalarları ilə işləmək bacarığı idi. Kamil Əliyev uzun və çox məhsuldar yaradıcılıq həyatı boyunca siyasi və ictimai xadimlərin, klassik şair və mütəfəkkirlərin, tanınmış mədəniyyət nümayəndələrinin obrazlarını xalça üzərində parlaq şəkildə canlandırıb. Onun Nizami Gəncəvi, İmadəddin Nəsimi, Aleksander Sergeyeviç Puşkin, Şota Rustaveli, Rabindranat Taqor kimi dünyaca məşhur ədəbi xadimlərin, Ümummili lider Heydər Əliyev, Məhəmməd Əmin Rəsulzadə, Mustafa Kamal Atatürk, İndira Qandi, Bill və Hillari Klinton, Əli Əkbər Haşimi Rəfsəncani, Ayətullah Xomeyni və s.portret xalçaları onları əhatə edən klassik ornamental kompozisiya ilə mükəmməl şəkildə vəhdətdə yaradılıb”. 
Ş.Məlikova qeyd edib ki, sənətkarın Azərbaycan xalçasına gətirdiyi başqa bir yenilik koloritdir. O, Kamil Əliyevin sarı və qızılı rənglərin çoxsaylı çalarlarını və onların ahəngini əsərlərinin böyük qismində məharətlə istifadə ediyini vurğulayıb.
Direktor Kamil Əliyevin Azərbaycan Milli Xalça Muzeyi ilə sıx əməkdaşlıq etməsini diqqətə çatdırıb, onun xalçalarının daima muzeyin ekspozisiyasını bəzədiyini bildirib.
Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinin paytaxtın ən gözəl muzeylərindən birində keçirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, görkəmli rəssamın yaradıcılığı dövlət tərəfindən daim yüksək dəyərləndirilib. O, bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar dövlət başçıları tərəfindən sərəncamlar imzalanıb. “Çox sevindirici haldır ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. Bu da sənətkarın bizə miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün aktual olduğunu bir daha sübut edir”, - deyə nazir vurğulayıb.
O, bildirib ki, Kamil Əliyev uzun və çox məhsuldar yaradıcılıq həyatı boyunca siyasi və ictimai xadimlərin, klassik şair və mütəfəkkirlərin, tanınmış mədəniyyət nümayəndələrinin obrazlarını xalça üzərində parlaq şəkildə canlandırıb. Xalq rəssamı Kamil Əliyevin fərdi sərgiləri ölkəmizlə yanaşı, Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və digər şəhərlərin nüfuzlu muzey və qalereyalarında keçirilib. Onun müəllifi olduğu xalçalar dünyanın məşhur muzeyləri və şəxsi kolleksiyalarında saxlanılır.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Kamil Əliyevin yaradıcılığının dünyanın dörd tərəfində tanındığını deyib: “Millətin tarixində qalan insanların dəyəri ondadır ki, onlar millətin xatirəsindən silinmir. Kamil Əliyev dedikdə Azərbaycan xalça sənəti zaman kontekstində təhlil edilməlidir. O, xalçaçılığın bir simvolu olaraq bu diqqəti özündə saxlayır. İrəvandan sürgün olunan Kamil Əliyev hələ o dövrün siyasi təlatümlərini yaşayıb. O, mübarizliyini xalça sənətində göstərib, 1930-cu illərin ağır represiyalarından keçmiş bir insan kimi daim böyük simaları müdafiə etmişdi”.
R.Hüseynov vurğulayıb ki, mənfur ermənilərin Azərbaycan xalçalarını öz adlarına çıxarmaları cəhdlərinə qarşı Kamil Əliyev fəal mübarizə apararaq, milli xalçaçılıq mədəniyyətimizi dünyada təbliğ edirdi. 
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Kamil Əliyevin hələ uşaqlıq illərindən xalça toxumağa başladığını və bütün həyatını bu sənətə həsr etdiyini bildirib. Kamil Əliyevlə bağlı xatirələrini bölüşən F.Xəlilov onun incə yumora malik, həqiqəti müdafiə edən insan olduğunu diqqətə çatdırıb.
Xalq rəssamı Eldar Mikayılzadə çıxışında Kamil Əliyevin çoxşaxəli istedada malik xalçaçı-rəssam kimi klassik xalça kompozisiyalarını yaradıcı şəkildə dəyişərək təkcə bu sənət üçün deyil, həmçinin digər tekstil növləri və keramika üçün də ornamentlər yaratdığını, süfrələrin toxunuşundan tutmuş zərgərlik əşyalarının eskizlərinin hazırlanmasına qədər geniş fəaliyyətlə məşğul olduğunu vurğulayıb.
Xalçaçı Ədibə Musayeva Lətif Kərimov və Kamil Əliyev kimi insanların xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə dövlət başçısına və Azərbaycan Milli Xalça Muzeyinə toxucular adından minnətdarlığını bildirib. Hər iki şəxsiyyətlərlə birgə çalışmış Ə.Musayeva xalçaçılıq sənətinin incəliklərini məhz onların sayəsində öyrəndiyini deyib.
Xalq rəssamı Kamil Əliyevin qızı Nərminə Əliyeva atasının dünyada tanınmasından qürur hissi duyduğunu vurğulayıb, onun xatirəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan 18 xalça nümayiş etdirilir. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından rəssamın yaradıcılığına aid 3 xalça, habelə sənətkarın ailə arxivindən üç xalça və 5 eskiz də ekspozisiyada yer alır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutan sərgi 21 noyabr tarixinədək davam edəcək. Sərgi çərçivəsində silsilə ustad dərsləri, tematik ekskursiyalar və digər tədbirlər təşkil olunacaq.