Xalça “Malıbəyli”

Əziz dostlar,

2022-ci ildə kolleksiyamız yeni sənət əsərləri ilə zənginləşmişdir. Təqdim etdiyimiz XX əsrin əvvəlinə aid “Malıbəyli” xalçası görkəmli xalçaçı-rəssam Lətif Kərimovun şəxsi kolleksiyasından əldə edilmişdir. Qarabağ tipinin Şuşa qrupuna aid edilən “Malıbəyli” xalçaları orijinal bədii xüsusiyyətə malikdir. Bu xalçalar əjdahalı xalçalardan bəhrələnməklə yaradılmış və zaman keçdikcə stilizasiyaya uğramışdır. Təqdim olunan xalçanın ara sahəsində şaquli istiqamət üzrə yerləşən göllərin üzərində əjdahanı xatırladan “bulud” təsviri verilmişdir. Bu XIII-XIV əsrlər Azərbaycan incəsənətində geniş yayılmış uyğur türklərinə məxsus dekorativ elementləri xatırladır.

Xalça “Malıbəyli”. Qarabağ, Azərbaycan. XX əsrin əvvəli. Əriş, arğac, xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası