Xovlu xalçalar

Xovlu xalçalar

Muzeyin əsas fondunu təşkil edən “Xovlu xalçalar” kolleksiyası 2398 ekspontdan ibarətdir. Kolleksiyada olan xalçalar XVII-XX əsrin əvvəlləri və müasir dövrləri əhatə edir. Xovlu xalçalar kolleksiyasının əsas hissəsini Azərbaycan xalça sənətinin dörd xalça qrupunun – Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça qruplarının müxtəlif kompozisiyaları təşkil edir.

Kolleksiyada xalçaçılıq sənətinin ənənələrini yaşadaraq davamlı inkişafında xidmətləri olan 1927-ci ildə yaradılmış “Azərxalça” ASC-nin xalçaları da mövcuddur.

Xalçaçılıq sənətinin yeni səviyyəyə yüksəlişində peşəkar rəssamların böyük əməyi olmuşdur. Onların sırasında görkəmli sənətkar və alim Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Ləçəkturunc”, “Bahar”, “Heyvanlar aləmi”, “Şəbi-hicran”, “Səfiəddin Urməvi” xalçaları, eyni zamanda Kamil Əliyevin “Nizami”, “Nəsimi”, “Heydər Əliyev”, Eldar Mikayılzadənin “Şəbi-hicran”, “Nağıllar aləmində”, Cəfər Mücrinin “Saib Təbrizi” xalçaları kolleksiyanın qiymətli nümunələrindəndir.

Kolleksiyanın ən qədim nümunəsi Qarabağ qrupunun XVII əsrə aid “Əjdahalı” xalçasıdır. Xalça amerikalı kolleksiyaçı mərhum Qrover Şiltsin vəsiyyəti əsasında xanımı Beverli Şilts tərəfindən 2013-cü ildə muzeyə hədiyyə olunmuşdur.