Parça, geyim, tikmə
Muzeyin “Parça, geyim, tikmə” kolleksiyasında XIX-XX əsrləri əhatə edən 1225 eksponat qorunub saxlanılır. Kolleksiyada milli geyim nümunələrindən Azərbaycanın müxtəlif bölgələrinə məxsus çəpkən, arxalıq, tuman, kürdü, canlıq, çuxa, yapıncı, çax-çur, şalvar, çarıq, ləbbadə, küləcə, köynək, araqçın, rübənd, kəlağayı, çarşab nümunələri saxlanılır.
Milli geyimlə sıx bağlı olan, Azərbaycanın ənənəvi maddi mədəniyyətinin zərif və incə sahələrindən biri tikmə sənəti olmuşdur. Kolleksiyada tikmə nümunələrindən taxça qabağı, süfrə, daraq qabı, tütün qabı, iynədan, qələmdan, bığ bağı, heybə, möhür qabı, pul kisəsi, yelpik, namazlıq, Quran qabı kimi növləri vardır.
Tikmələrin bəzədilməsində təkalduz, güləbətin, pilək, muncuq, qurama və cülmə kimi texnikalardan istifadə olunurdu.
Kolleksiyanın ən qədim tikmə nümunəsi arxeoloji qazıntılar zamanı Naxçıvanın Xaraba Gilan ərazindən tapılmış XII-XIII əsrlərə aid kətan parçanın fraqmentidir.
Kolleksiyada həmçinin əhali arasında məşhur olan qanovuz və tirmə parça növləri də saxlanılır. Parçaların naxışı və rəngləri etnik qrupları və ya sinfi təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi.