Lətif Kərimov
Lətif Kərimov Azərbaycanın görkəmli şəxsiyyəti, alimi, sənətkarı, xalça ustası, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifidir. O, 1906-cı ildə Azərbaycanın qədim diyarlarından biri olan Şuşa şəhərində anadan olub. Onun atası Məşədi Hüseyn papaqçı, anası Telli Hacı Nəsib qızı isə Qarabağın tanınmış xalçaçılarından biri olub.
1912-ci ildə Kərimovlar ailəsi İranın Məşhəd şəhərinə köçmüşlər. Burada Lətif Kərimov klassik Şərq sənəti olan kalliqrafiya üzrə təhsil almaqla yanaşı, rəssamlıq bacarığını da təkmilləşdirmişdir.1922-ci ildə məktəbi bitirdikdən sonra o, Mirzə Hüseyn Ələkbərzadənin xalça emalatxanasında əvvəlcə təlimatçı köməkçisi, sonra təlimatçı, daha sonra isə rəssam kimi fəaliyyət göstərərək püxtələşmiş və xalça sənətinə mükəmməl yiyələnmişdir. 1929-cu ildə Azərbaycana qayıdan Lətif Kərimov bir müddət sonra “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində çalışmışdır.
Lətif Kərimov 1930-cu illərdə kütləvi istehsalın başlandığı bir dönəmdə xalq ənənələrinə əsaslanaraq klassik xalça rəsmləri hazırladı və xalça sənətinə bir sıra yeniliklər gətirdi.
1937-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə Bakıda Mərkəzi boyaqçılıq emalatxanası yaradılmışdı. Rəssam ilk dəfə olaraq xalça üçün rəng şkalasını yaratmışdı.
O, 1945-ci ildən ömrünün sonlarına kimi Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun Dekorativ-tətbiqi sənət şöbəsinə (1984-cü ildən etibarən isə Xalça sənəti şöbəsinə) rəhbərlik etmişdir. Lətif Kərimova “Azərbaycan xalçalarında ornamentlərin mənşəyi” əsərinə görə 1950-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi verilmişdir.
L. Kərimovun xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, o, 1950-ci ildə SSRİ Dövlət mükafatına, 1955-ci ildə Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adına layiq görülmüşdür.
Lətif Kərimov ilk olaraq xalçaçılıq sənətinin özəl dəyəri, onun xalqın tarixi mədəniyyəti ilə qədim bağlılığı haqqında fikir söyləmişdir. Sənətkar Azərbaycan xalçalarının bir çox unudulmuş milli ornament növlərini və kompozisiyalarını bərpa etmişdir. Lətif Kərimovun xalq ənənələrinin dirçəlməsi, inkişafı və zənginləşməsində rolu olduqca böyükdür. Sənətkarın Azərbaycan xalçasının identiklik meyarlarının dürüst müəyyənləşdirilməsində də əməyi əvəzsizdir. Lətif Kərimov xalçaçılıq sənətinin başlıca bədii istiqamətlərini, onların üslub xüsusiyyətlərini müəyyən etmiş, Azərbaycan xalçalarının dəqiq təsnifatını vermişdir ki, bu da onun “Azərbaycan xalçası” üçcildlik fundamental kitabında öz əksini tapmışdır. Azərbaycan xalçalarını uzun müddət Şərq xalçalarının ümumi kütləsindən ayırmır və ya onları “Qafqaz xalçası” termini ilə müəyyən edirdilər. Lətif Kərimovun elmi araşdırmaları bu inciləri vətənə qaytardı, sübut etdi ki, dünya muzeylərində “Qafqaz xalçaları” adlandırılan xalçaların azı doxsan faizi Azərbaycan xalçalarıdır.
1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə Bakıda unikal muzeyin – Azərbaycan Milli Xalça Muzeyinin əsası qoyulmuşdur. Muzey yarandığı vaxt dünyada xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi yeganə müəssisə idi. Bu mədəniyyət ocağında xalqımızın qiymətsiz sərvəti olan Azərbaycan xalçalarının və xalça məmulatlarının ən mötəbər və rəngarəng kolleksiyası qorunur, tədqiq olunur və nümayiş etdirilir.
Böyük xalçaçı-rəssam uzun illər M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) xalça sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Lətif Kərimov çoxsaylı xalça çeşniləri, bir sıra memarlıq tikililərinin bədii tərtibatı, divar bəzəkləri, zərgərlik əsərləri, parça naxışları və digər nümunələrin müəllifidir.
Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan” (1932), “Qonaqkənd” (1939), “Ləçək-turunc” (1952), “Şuşa” (1953), “Göygöl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1966-1976), “Heyvanlar aləmində” (1969), “Şəbi-hicran” (1975), “Zərxara” (1977), “Firdovsi” (1934), “Səməd Vurğun” (1956), “Vaqif” (1967), “Füzuli” (1972), “Nəsimi” (1974), “Səfiəddin Urməvi” (1975), “Əcəmi” (1976) və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.