Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı

Xalqımızın zəngin daxili aləmini, dünyagörüşünü, bədii təxəyyülünü, milli xüsusiyyətlərini və estetik zövqünü əks etdirən xalçaçılıq sənəti mədəniyyət tariximizin inkişafında özünəməxsus yer tutaraq, Azərbaycanın simvollarından birinə çevrilib. Məhz buna görə də Azərbaycan xalçalarının və xalça məmulatlarının ən dolğun kolleksiyasının qorunub saxlanıldığı dünyanın ilk ixtisaslaşmış xalça muzeyi 1967-ci ildə Bakıda yaradılıb.

19 may 1987-ci il tarixində Şuşa şəhərində XIX əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində Qarabağ bölgəsinin dekorativ-tətbiqi sənəti və onun ayrılmaz hissəsi olan xalçaçılıq ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı fəaliyyətə başlayıb.

Qarabağın Ermənistan tərəfindən işğala məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci ilin 29 fevral tarixində onların təxliyəsini təşkil eedib. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilib. Həmin dövrdən Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirib.

Ölkəmizin Vətən Müharibəsində qələbəsindən sonra, 2023-cü ildə Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının doğma yurdda fəaliyyəti bərpa olunub. Ekspozisiyada əsasən XVIII-XX əsrlərə aid vaxtilə təxliyə olunmuş eksponatlar, həmçinin son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar sərgilənir. Burada ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Ziyarətçilərin eksponatlar haqqında daha dolğun məlumat əldə edə bilməsi üçün ekspozisiyada sensor ekran quraşdırılıb. Burada Qarabağın, xüsusilə də Şuşanın maddi və qeyri-maddi irs nümunələri, kübar ailələri, xarici kolleksiyalarda qorunan Qarabağ xalçaları, 1992-2022-ci illərdə Şuşa filialının fəaliyyəti, Azərbaycan Milli Xalça Muzeyinin nəşrləri və s. haqqında məlumatlar, həmçinin Şuşanın əvvəlki illlərə aid mənzərələrini əks etdirən fotolar təqdim olunur.

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühitə düşməyə imkan yaradır.