Kolleksiyaların tarixi
Azərbaycan Xalça Muzeyinin kolleksiyalarının toplanması və sonrakı inkişafında ölkənin aparıcı elmi qüvvələri, akademiklər Rasim Əfəndiyev və Teymur Bünyadov, əməkdar incəsənət xadimi və muzeyin ilk direktoru Əziz Əliyev, sənətşünaslıq üzrə elmlər doktorları, professorlar Röya Tağıyeva və Kübra Əliyeva, tarix elmləri doktoru Həsən Quliyev, sənətşünaslıq üzrə namizəd Nəcibə Abdullayeva yaxından iştirak etmişlər.
Azərbaycanın müxtəlif bölgələrində aparılan çoxsaylı elmi-tədqiqat ekspedisiyalarının nəticəsi olaraq muzeyin fondu ölkənin maddi-mədəni sərvətləri ilə zənginləşdi. Burada zəngin və çeşidli Azərbaycan xalçaları, xalça məmulatları və xalq sənətinin digər növləri toplandı. “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdərən muzey fondunda 10139 ədəd eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur, kolleksiyalarının böyük hissəsi isə XVII-XX əsrlərə aiddir.