Хalça “Buynuz”
“Buynuz xalçası”
Qarabağda toxunan “Buynuz” xalçasının əsas istehsal mərkəzləri Horadiz və Füzuli rayonunun digər xalçaçılıq məntəqələri idi. Çox vaxt köhnə xalçaçılar bu xalçanı “Horadiz” adlandırırlar.
Xalçanın ara sahəsinin bəzəyini təşkil edən buynuz elementləri bədii ənənəyə görə üfüqi şəkildə bir-birinin ardınca sıra ilə təsvir olunub. Bu “buynuz”ların assimetrik quruluşu həm xalçaya canlılıq gətirir, həm də belə xalçaları istənilən ölçüdə toxumaq imkanı verir. “Buynuz”ların rənglərinin müxtəlifliyi xalçanın ümumi ahəngdar çalarına xələl gətirmir
Hələ qədim zamanlardan buynuz kişilik, mərdlik və qoçaqlıq rəmzi hesab edilir. Buynuz təsvirlərinə qədim türk xalqlarının xalçaçılıq nümunələrində, ağac və keçə məmulatlarında tez-tez rast gəlinir. İndi də Azərbaycanın bir sıra rayonlarında qapı və darvazlardan mərdlik və cəsarətin simvolu kimi buynuzlu heyvanın başı asılır.
Хalça “Buynuz”. Qarabağ, Azərbaycan. XIX əsrin sonu – XX əsrin əvvəli. Əriş, arğac, xov – yun. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası