Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” sərgisi açılıb
Aprelin 17-də Azərbaycan Milli Xalça Muzeyində “İkinci həyat” adlı xalça üzərində rəsm sərgisi açılıb.
Açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış edərək sərginin məqsəd və əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, sərgidə Azərbaycanın ayrı-ayrı regionlarına aid bədii, tarixi, elmi əhəmiyyət kəsb etməyən, zədələnmiş və ya istifadəyə yararsız xalçalar üzərində peşəkar rəssamların müxtəlif janrlarda çəkdiyi 30-dan artıq rəsm nümayiş olunur. Bu əsərlərdə 1980-2000-ci illərdə toxunmuş ənənəvi xalçalar rəssamların özünəməxsus yanaşma tərzi əsasında yeni bədii üslublarla sintez edilərək daha da zənginləşdirilib. Hüseyn Kəngərli, Məryam Kiblayeva, Nərgiz Quliyeva, Rəşadə Əliyeva, Eldar Babazadə, Banuçiçək Əhmədzadə, Röya Həsən, Samirə Muxtarova, Sevinc Gəncəliyeva, Leyla Ağazadə, Aydan Məmmədli, Təranə Əliyeva, Aynura Mustafayeva, Fəxriyyə Hacıyeva, Nigar Əliyeva, Vüsalə Şərifova, Nailə Məhərrəmova, Ruslan Rüstəmov, Eldar Hacıyev, Sevda Rüstəmova, Leyla Orucova, Nərgiz Quliyeva, Oksana Kazımova, Nailə Aslanova, Nərminə Uluxanova, Leyla Müseyibova, İntiqam Ağayev, Dadaş Məmmədovun müəllifi olduğu təsviri sənət nümunələrində Qarabağ motivləri və ölkəmizin rəmzi sayılan nar elementləri müasir interpretasiyada təqdim edilib. Layihənin əsas məqsədi Azərbaycan xalça sənətinin qorunması, onun müasir incəsənət kontekstində yenidən ifadə olunması, eyni zamanda, ekoloji şüurun inkişafı, təkrar istifadənin sənət vasitəsilə təşviqidir. Qarşıya qoyulan əsas hədəf isə yerli rəssamlarla yanaşı, beynəlxalq sənət ictimaiyyətini bu yaradıcılıq prosesinə cəlb etmək, xalqımızın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olan xalça sənətini dünyada daha geniş tanıtmaqdır.
Sonra “Arts Council Azerbaijan” təşkilatı tərəfindən “İkinci həyat” sərgisində yer alan, Dadaş Məmmədovun müəllifi olduğu əsər Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edilib.
Tədbirin bədii hissəsində Muğam Televiziya Müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfail Əsgərov, nağarada Səyyar Teymurovun müşaiyəti ilə “Qarabağ şikəstəsi” ifa edib. Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Orxan Hüseynli “Azərbaycan maralı” və “Küçələrə su səpmişəm” xalq mahnılarını səsləndirib. İfaçını pianoda Pərviz Məmmədov müşaiyət edib. Respublika Uşaq-Gənclər və İnkişaf Mərkəzinin “Qavaldaş” ritm qrupu da öz çıxışı ilə qonaqlara xoş anlar yaşadıb.
Qeyd edək ki, Arts Council Azerbaijan və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, European Crafts Alliance və ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin müəllifi Sona Quliyevadır.
Layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində məsuliyyətli istehlak və istehsal (SDG 12), iqlim dəyişikliyi ilə mübarizə (SDG 13) prinsiplərinə uyğun həyata keçirilir.
Sərgi aprelin 27-dək davam edəcək.