Azərbaycan Milli Xalça Muzeyində “Gələcəkdə nə geyinəcəyik?” sərgisi açılıb
Aprelin 9-da Azərbaycan Milli Xalça Muzeyində Macarıstanın sədrliyi ilə Mərkəzi Avropa Mədəniyyət Platforması tərəfindən “Gələcəkdə nə geyinəcəyik?” sərgisi açılıb. Açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma çıxış edərək sərginin əsas mahiyyət və əhəmiyyətini diqqətə çatdırıblar. Tədbirin bədii hissəsində tarzən İbrahim Babayev və balaban ustası Anar Vəlizadə çıxış ediblər.
Daha sonra qonaqlar sərgiyə tamaşa ediblər.
“Gələcəkdə nə geyinəcəyik?” sərgisində Mərkəzi Avropa Mədəniyyət Platformasına üzv ölkələrin (Avstriya, Çexiya, Macarıstan, Slovakiya), həmçinin Azərbaycanın modelyer-dizaynerlərinin əl işləri nümayiş olunur.
Birgə sərgidə moda və dizayn sahəsində təhsil alan 28 istedadlı tələbənin müxtəlif texnikalarda, təkrar emal olunmuş və təbii materiallardan hazırladıqları unikal geyimlər yer alır. Müəlliflər bu geyimlərlə biomaterialların, tekstilin transformasiya potensialını göstərir, ənənəvi tullantı anlayışına qarşı çıxırlar. Onlar müasir dizaynda orijinallıq, intuisiya, müstəqil düşüncə və tənqidi təfəkkürün rolunu, həmçinin təkrar emalı artırmaqla moda sənayesinin ətraf mühitə mənfi təsirlərini azaltmağın mümkünlüyünü diqqətə çatdırırlar.
Dayanıqlılıq və moda arasındakı əlaqəni araşdıran, müxtəlif yanaşma və həll yolları təqdim edən layihə Mərkəzi Avropa Mədəniyyət Platforması, Macarıstanın ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub.
Sərgi aprelin 13-dək davam edəcək.