“Xalça sənəti – mənaların təkamülü” sərgisi

“Xalça sənəti – mənaların təkamülü” sərgisi
 
23 sentyabr 2021-ci il tarixində Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti-mənaların təkamülü” adlı sərginin açılış mərasimi keçirilildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Xalça Muzeyinin direktoru, eyni zamanda sərginin kuratoru Şirin Məlikova layihə haqqında qonaqlara ətraflı məlumat verdi. Qeyd edildi ki, bu, layihənin ikinci təqdimatıdır. Sərginin ilk açılışı bu ilin iyulunda Rusiya Federasiyası Tatarıstan Respublikasında baş tutmuş və Kazan Kremli Muzey-Qoruğunda nümayiş etdirilmiş zəngin ekspozisiya  tamaşaçıların böyük rəğbətini qazanmışdır. Vurğulandı ki, bu Tatarıstan Respublikasının paytaxtında Azərbaycan xalçaçılığına, onun zəngin ənənələri və müasir rəssamalrın yaradıcılığında yeni təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı sərgi olmuşdur.
Şirin Məlikova qeyd etdi ki, Azərbaycan Milli Xalça Muzeyi bu sərgi ilə paytaxt sakinləri və şəhərimizin qonaqları üçün  də XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid ecazkar klassik xalça nümunələrini  seyr etmək imkanı yaradır. Ekspozisiyada nümayiş olunan eksponatların hər biri ornament, rəng həlli və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən yüksək sənət nümunələridir. Tamaçaçılar həmçinin tanınmış rəssam və heykəltəraş Çingiz Babayevin əsərləri vasitəsi ilə qədim xalça sənətinin müasir interpretasiyasını, keçmiş və çağdaş zaman arasındakı “dialoqu” izləyə biləcəklər.
Daha sonra muzeyin eksperti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın ən qiymətli maddi və həm də mənəvi irsi olan xalça sənətinin daşıdığı yüksək bədii məzmun haqqında çıxış etdi.   
 
“Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli isə layihənin vacib əhəmiyyətə malik olduğunu vurğuladı. Çingiz Babayevin xalçalarında əksini tapan və sirli mənalarla kodlaşdırılan ornamentlərin rəssamın dərin təxəyyülündən qaynaqlandığını ifadə etdi.  
Çingiz Babayev isə öz çıxışında Azərbaycan xalça sənətinin müasir yaradıcı insanlar üçün əvəzsiz mənbə olduğunu bir daha qeyd etdi və yaradıcılığı haqqında söylənən dəyərli fikirlərə görə təşəkkürünü bildirdi.
Sonda qonaqlar sərgi ilə tanış oldular.
 
Qeyd edək ki, sərgi ziyarətçilər üçün 24 sentyabr – 17 oktyabr tarixlərində açıq olacaq.