Avqustun 30-da Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərginin açılışı olub.

Avqustun 30-da Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərginin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgi ilə tanış olublar.
 
Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Xalçaçılıq Qalereyasında Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Burada həm maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən həndəsi və damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati və süjetli xalçalar nümayiş olunur. Onlara vərni, zili kimi mükəmməl xovsuz xalçalar, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və s. kimi məşhur xovlu xalçalar aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır.
 
Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.