Martın 16-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Novruz naxışları” adlı sərginin açılışı və eyniadlı kataloqun təqdimatı keçirildi.

Martın 16-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Novruz naxışları” adlı sərginin açılışı və eyniadlı kataloqun təqdimatı keçirildi.
Tədbirdə muzeyin direktoru Şirin Məlikova, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək Arif Hüseynov yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən danışdılar, rəssama təbriklərini çatdırdılar.
 
Sərgidə rəssamın Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən,  xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, əyləncəli, poetik tabloları nümayiş olunur. Qeyd edək ki, görkəmli qrafik Arif Hüseynovun ənənə və müasirliyin harmonik birliyi əsasında işlənmiş “Novruz”, “Novruz çiçəkləri”, “Novruz nağılları”, “Novruz çiçəyi” silsilə əsərlərində miniatür üslubun modern tərzdə interpretasiyası yüksək sənətkarlıq keyfiyyətləri ilə səciyyələnir.
 
Siz sərgiyə gəlməklə Arif Hüseynovun ornamental motivlərlə zəngin süjetli xalça kimi toxunmuş, milli nağıl personajları ilə bəzənmiş Novruza həsr olunmuş əsərləri, folklor motivli yaradıcılığının başlıca obrazları ilə yaxından tanış ola, nağıllar aləminə səyahət edə bilərsiniz.
 
Eyni zamanda, sərgi dövründə müxtəlif ustad dərslər, rəssamla görüş və digər tədbirlər təşkil olunacaq.
 
Sərgi 16 aprel 2021-ci il tarixinədək ziyarətçilərə açıq olacaq.
 
Qeyd edək ki, mövcud karantin qaydalarını nəzərə alaraq, sərgiyə on nəfərdən artıq qruplar buraxılmır.