Düz bir il əvvəl mart ayında iki qardaş ölkənin mədəni həyatında çox əlamətdar bir hadisə qədim və nadir Azərbaycan xalçalarının sərgisinin açılışı keçirilmişdir

Düz bir il əvvəl mart ayında iki qardaş ölkənin mədəni həyatında çox əlamətdar bir hadisə – İstanbulda yerləşən, dünyanın ən iri İslam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisinin açılışı keçirilmişdir. Sərgi Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 53-cü ildönümü və Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.
 
​ Qeyd edək ki, “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsini Azərbaycan Milli Xalça Muzeyi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırır. İki ölkə muzeyləri arasında həyata keçirilən bu ilk layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılması, onun əsasında kataloqun hazırlanması və nadir xalça nümunələrinin sərgisinin təşkilindən ibarət olmuşdur.
 
Dünyanın aparıcı ​ xalça mütəxəssisləri və ekspertləri tərəfindən böyük maraqla qarşılanan və artıq bir ildir ki davam edən ​ sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunur. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə, eyni zamanda, muzeyin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə də təqdim olunur.
 
Sərgi ilə yanaşı, nəfis şəkildə “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” kitab-kataloqu da nəşr edilmişdir. Türk və ingilis dillərində hazırlanan nəşr nəinki Türkiyə ictimaiyyətində, eyni zamanda bütün dünya xalça mütəxəssislərində Azərbaycan xalçaları haqqında geniş və dolğun məlumatın yaranmasına xidmət edir.
 
Sonda bütün sənətsevərləri , xüsusən də Türkiyədə yaşayan və ya səfərdə olan həmvətənlərimizi sərgimizi ziyarət etməyə dəvət edirik.