Noyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərginin açılışı olub.
Noyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərginin açılışı olub. Muzeyin direktoru Şirin Məlikova tədbirdə çıxış edərək Nino Kipşidze kimi istedadlı rəssamın sərgisinin Bakıda keçirilməsindən böyük məmnunluq duyduğunu bildirib: “Onun əsərlərinə heyran qalmamaq mümkün deyil. Nino Kipşidzenin çoxlu sayda müxtəlif forma və rəngli əsərləri mürəkkəb tekstil mozaikasını təşkil edir. Təqdim olunan əsərlərdə müxtəlif rəngli və fakturalı parça fraqmentlərinin yaratdığı təkrarolunmaz səth vizual olaraq ikiölçülü müstəvini “yarıb keçərək” tamaşaçıya tamamilə yeni, ecazkar, çoxölçülü bir dünyanı açır. Onun əsərləri rəngkarlıq və tekstilin incə, valehedici keçidində yer alır. Sevinirəm ki, biz həmvətənlərimizin bu cür gözəllikləri görməsinə imkan yaratdıq”. Şirin xanım rəssamın əsasən mənzərə və natürmort janrında işlədiyini, onun əsrarəngiz mənzərələrinin lakonikliyi ilə Şərq qravüralarını, bəzən isə hətta memarlıq elementlərini xatırlatdığını vurğulayıb: “Nino Kipşidzenin yaradıcılığında sözün əsl mənasında ləçək-ləçək yığılmış əlvan gül dəstəli natürmortlar olduqca çoxdur. Bununla yanaşı, rəssam fiqurativ kompozisiyalar da yaradır. Sənətkar öz yaradıcılığı ilə gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır”.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan Milli Xalça Muzeyində gürcü rəssamı Nino Kipşidzenin belə möhtəşəm sərgisinin təşkilini müsbət hadisə kimi qiymətləndirib: “Belə tədbirlərin keçirilməsi Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələri gücləndirir. Bundan sonra da biz birlikdə daha çox tədbirlər keçirəcəyik. Bu tədbirlər strateji tərəfdaşlığımızın, dostluğumuzun bir nümunəsidir”.
Sərginin kuratoru Gürcüstan Milli Muzeyinin baş kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze sərgidə nümayiş etdirilən orijinallığı ilə seçilən unikal əsərlərdə gürcü mədəniyyətinin əks olunduğunu bildirib. Tamaşaçıların sərgidən böyük zövq alacağına inandığını vurğulayıb.
Rəssam Nino Kipşidze çıxışında sərginin yüksək səviyyədə təşkil edildiyini, ona xüsusi diqqət, isti münasibət göstərildiyini deyib. O, tədbirin təşkilatçılarına və sərgiyə qatılan qonaqlara minnətdarlığını bildirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən sərgi 22 yanvar 2022-ci il tarixinədək davam edəcək.