Dövlət Rus Muzeyinin Mərmər sarayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Yeddi gözəl” sərgisi açılıb.
Yanvarın 26-da Sankt-Peterburqda, Dövlət Rus Muzeyinin Mərmər sarayında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Yeddi gözəl” sərgisi açılıb.
Tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Dövlət Rus Muzeyinin elmi işlər üzrə direktor müavini Qriqori Qoldovski çıxış ediblər. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqlar üçün kurator turu keçib.
Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin, klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.
Nizaminin poeziyası əsrlər boyu sənətkarları ilhamlandırıb. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin klassikaya çevrilmiş “Yeddi gözəl” baleti buna bir nümunədir. Balet məşhur “Xəmsə” poemalarından birinin motivləri əsasında yazılıb. “Yeddi gözəl” baleti ilk dəfə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilib.
Sərginin ekspozisiyasında ədəbi və musiqili-xoreoqrafik mənbəyə əsaslanaraq, qiymətli dekorativ-tətbiqi sənət əsərlərinin nümayişi üçün xüsusi mühit yaradılıb. Ekspozisiya XVI əsrə aid “Kitab oxuyan gənc oğlan” Təbriz miniatürü əsasında Azərbaycanın məşhur konseptualist rəssamı Rəşad Ələkbərovun işıq və kölgə vasitəsilə yaratdığı “Miniatür” instalyasiyası ilə başlayır.
Layihənin konsepsiyası səs və vizual obrazların vəhdətini nəzərdə tutur. Videoinstalyasiyaların köməyi ilə tamaşaçının baş verən hadisələrdə şəxsi iştirakı effekti əldə olunur. Məsələn, qədim əlyazma kitabları təsvir edən videoinstalyasiyalarda miniatür personajları canlanaraq, tamaşaçını sehrli dünyalarına dəvət edirlər. Canlanmış orta əsrlər kitabının təmtəraqlı saraylarında səyahət edərkən tamaşaçı özünü balet məkanında tapır, burada onu kainatın hədsiz hüdudlarından xəyal kimi peyda olan rəqs edən balerinalar əhatəsinə alır.
Sərginin interaktiv davamı olaraq Heydər Əliyev Fondu və ICOM Azərbaycan Milli Komitəsinin təşkil etdiyi “Nizami: dildən-dilə” beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı nümayiş olunur. Videoçarxda Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan 150-dən çox tanınmış incəsənət və mədəniyyət xadimləri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentləri deklamasiya edirlər.
Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunub. Sərginin kuratorları Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça” ASC-nin sədri Emin Məmmədovdur. Ekspozisiyanı Heydər Əliyev Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından eksponatlar təşkil edir.
Sərgi 9 may 2022-ci il tarixinədək davam edəcək.