Azərbaycan Milli Xalça Muzeyində “Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi”nin rəsmi açılış mərasimi keçirildi.
Azərbaycan Milli Xalça Muzeyində “Rəngarəng qobelen dünyası. Tamilla Abdullayevanın fərdi sərgisi”nin rəsmi açılış mərasimi keçirildi.
Sərgini Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq, rəssamın zəngin, rəngarəng, ecazkar yaradıcı dünyasından danışıb. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Tamilla Məmmədova, qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayeva çıxış ediblər.
Sərgidə sənətkarın 1990-2022-ci illərdə yaratdığı 50-dən artıq əsər – qobelen, xalça və xalça eskizi nümayiş olunur. Burada Tamilla Abdullayevanın “Kəpənəklər”, “Ağaclar”, “Qədim Azərbaycan rəmzləri”, “Təbiət ünsürləri”, “Dörd fəsil” adlı silsilə əsərləri, o cümlədən abstrakt və çiçək kompozisiyalı əsərləri təqdim edilir.
Müxtəlif toxuma üsulları ilə ərsəyə gələn, sakit, həzin, tarazlaşdırılmış kompozisiyaları, elementlərin səthdə ustalıqla yerləşdirilməsi, isti, qəlboxşayan, gözəl və zəngin rəng qamması ilə seçilən qobelenlərdə rəssamın ecazkar yaradıcı dünyası müşahidə olunur. Rəssam bu əsərləri yaradarkən əksər hallarda hazır eskizdən deyil, yalnız bədii ideya və improvizasiya bacarığından bəhrələnib.
Sərgidə T.Abdullayevanın ustadı görkəmli rəssam Lətif Kərimovun yaradıcılıq yolunu davam etdirərək yaratdığı “İslimibəndlik”, “Əfşan”, “Saxsıda güllər” xalçaları da təqdim edilir. Yüksək zövq və romantik qəlbə sahib rəssamın bu əsərlərində rəng və ornamentlər arasında çox gözəl bağlılıq qurulub.
Qeyd edək ki, sərgi çərçivəsində mühazirə, rəssamla görüş, qobelentoxuma üzrə ustad dərslər, tematik ekskursiyalar keçiriləcək.
Sərgi fevralın 25-dək davam edəcək.