Ekspozisiyanın II mərtəbəsi
Ekspozisiyanın ikinci mərtəbəsində xovlu xalçalar təqdim olunub. Alim və xalçaçı-rəssam Lətif Kərimovun verdiyi təsnifata uyğun olaraq, bu xalçalar qruplara bölünür. Ekspozisiyada Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça qruplarını görmək mümkündür.
Qarabağın böyük ölçülü “Dəst-xalı-qəbə” xalça dəstləri ev sahibinin yüksək statusunu vurğulayır. Varlı Şuşa sakininin ənənəvi ev interyeri ekspozisiyanın ən maraqlı və yaddaqalan hissələrindəndir. Bu interyer rus və avropalı səyyahların qeydləri və rəsmləri əsasında qurulmuşdur. Xalça sənətinin nümunələri digər qədim sənət növləri ilə vəhdət yaradaraq bu cür evlərin bədii tərtibatının ayrılmaz hissəsinə çevrilirdi.
2016-cı ildən muzeyin zənginləşdirilməsi istiqamətində xüsusi konsepsiya işlənib hazırlanmış və ona əsasən kolleksiyalar təhlil olunmuş, çatışmayan xalça nümunələri məqsədli şəkildə axtarılaraq kolleksiya üçün alınmışdır. Onların arasında ekspozisiyada nümayiş olunan XVII-XVIII əsrlərə aid
Ziyarətçilər Azərbaycanın müxtəlif bölgələri üçün səciyyəvi olan milli geyim, nəfis bədii tikmə nümunələri və gündəlik məişətdə geniş istifadə olunan mis məmulatları ilə tanış ola bilərlər.
Azərbaycanın xalq sənətində tez-tez rast gəlinən motivlər müəyyən mənaya malikdir. Ekspozisiya buta, əjdaha, həyat ağacı kimi elementlərin, müxtəlif formalı xaçların semantikasını və mənşəyini, islam simvollarının mənasını öyrənməyə imkan yaradır. Ornamet üslublarının zəngin müxtəlifliyi onların coğrafi yerləşməsinə uyğun təqdim olunub.
Bu mərtəbədə müasir rəqəmsal texnologiyalar tətbiq olunur. Bu texnologiyalar müxtəlif növlərə və qruplara aid, həmçinin çoxsaylı dünya muzeylərinin kolleksiyalarından olan xalçaların nümayişinə imkan yaradır. Monitorlarda şəbəkəli pəncərələrin və ipək yaylıqların – kəlağayının hazırlanma prosesini izləyə bilərsiniz.