Azərbaycan Milli Xalça Muzeyində rəssam Rami Meirin fərdi sərgisi açılıb
Martın 1-də Azərbaycan Milli Xalça Muzeyində israilli rəssam Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi açılıb.
Açılışda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça” ASC-nin istehsalat üzrə direktoru Əlisəfa Nuriyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan üzrə Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun prezidenti Şaul Davıdov, İsrailin Azərbaycandakı səfirliyinin nümayəndəsi Mark İfraimov, sərginin kuratoru Mariya Filatova çıxış edərək rəssamın həyat və yaradıcılığı, sərginin əhəmiyyəti barədə danışıblar.
Qeyd edək ki, bu, Bakıda doğulub böyüyən, əslən dağ yəhudisi olan rəssamın ölkəmizdə ilk fərdi sərgisidir. Burada Rami Meirin “Dağ yəhudiləri” silsiləsində işlədiyi otuzdan artıq tablo, metal üzərində döymə texnikasında pannolar, ağacoyma nümunələri, rəssamın rəngkarlıq əsərlərinin motivləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələr nümayiş etdirilir. Ekspozisiyada rəssamın “Qırmızı Qəsəbədən Quba xalçaçıları” əsəri əsasında, xüsusi olaraq bu sərgi üçün “Azərxalça” ASC-də toxunmuş eyniadlı xalça da yer alır. Həmçinin sənətkarın kolleksiyasından olan köhnə açıqcalar, XIX-XX əsrlərə aid dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunur.
Sərgi aprelin 1-dək davam edəcək.