“Tanınmış simalarla virtual tur”

Dekabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi çərçivəsində milli mədəni irsimizin təbliği işinə töhfə olan “Tanınmış simalarla virtual tur” layihəsinin təqdimatı keçiriləcək.

Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tanınmış media və incəsənət nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilən layihədə muzeyin tarixi, burada qorunan milli mədəni irs nümunələri və onlarla bağlı maraqlı adət-ənənələrdən bəhs olunur. Burada məşhur televiziya aparıcıları Dilarə Səlim, Emil Şahzadə, Leyla Quliyeva, Könül Arifqızı, Dəniz Tacəddin, Fariz İlyasov, Tural Əsədov, Şəbnəm Turan və Əməkdar artistlər Nərgiz Kərimova, Oleq Əmirbəyov muzeyin ekspozisiyasını təqdim edirlər.

“Tanınmış simalarla virtual tur” layihəsinin ssenari müəllifi Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

Təqdimat mərasiminə qatılmaq istəyənlər üçün giriş sərbəstdir.

Qeyd edək ki, muzeyin youtube səhifəsində yerləşdirilən virtual tur layihəsi surdo-tərcümə ilə müşayiət olunur. Bu layihə respublikamızda muzey işi sahəsində inklüziv proqramların həyata keçirilməsində növbəti uğurlu addımdır.