Mədəni irsə yeni baxış” sərgisi açılıb
“Azərxalça" ASC, “AFFFAIR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı, "PAŞA Holdinq", “PAŞA Bank” və "Kapital Bank"ın tərəfdaşlığı ilə yanvarın 24-də Milli Xalça Muzeyində “Mədəni irsə yeni baxış” adlı sərgi təşkil olunub.
Sərgidə “AFFFAIR” markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın Azərbaycan Milli Xalça Muzeyində saxlanılan qədim “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, bununla yanaşı Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyində saxlanılan “Pazırık” və Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbəkəli” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı kolleksiya nümayiş etdirilib. Kolleksiyaya daxil olan 5 xalça nümunəsinin hər birindən məhdud sayda, cəmi 25 ədəd istehsal olunub. Bu müasir xalça nümunələrinin hərəsindən bir ədəd isə mədəni irsin qorunması, müasirləşməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə edilib.
Qarabağ zəfərinə həsr olunan layihənin məqsədi nadir incəsənət nümunəsi olan Azərbaycan xalçalarının tarixi ənənələrini müasir istiqamətdə yaşatmaqdır.
Sərgi fevralın 10-dək davam edəcək.