“Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin növbəti görüşü Azərbaycan Milli Xalça Muzeyində təşkil olunub.

YAP Səbail rayon təşkilatı tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Biz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin növbəti görüşü Azərbaycan Milli Xalça Muzeyində təşkil olunub.

Gənclərin iştirakı ilə “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” mövzusunda keçirilən tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça” ASC-nin istehsalat üzrə direktoru Əlisafa Nuriyev çıxış ediblər.

Sonra görüşə qatılan gənclər üçün ekskursiya təşkil olunub, onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları haqqında ətraflı məlumat verilib.

Sonda qonaqlar Əməkdar rəssam, heykəltəraş Aslan Rüstəmovun iştirakı ilə onun müəllifi olduğu “Xalçanın kosmik poetikası” rəsm əsəri (2020-ci il) əsasında toxunmuş xalçanın qədim ənənələrə uyğun dəzgahdan kəsimi mərasiminə qatılıblar.

Muzeyimiz müasir rəssamlarla sıx əməkdaşlıq edir və Ənənəvi texnologiya şöbəsində onların əsərləri əsasında müasir xalçalar yaradılır. Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın ideya müəllifi olduğu “Xalçanın kosmik poetikası” rəsm əsəri əsasında hazırlanmış xalça da məhz belə nümunələrdəndir. Xalçanın kompozisiyası göy cismlərinin stilizə olunmuş təsvirindən ibarətdir. Rəssamın fikrincə, xalçada olan bu təsvirlər yaradıcı şəxsin əhatə olunduğu real həyatdan götürülüb. Ancaq onun təxəyyülünə uyğun bədii stilizasiyaya uğrayıb, gerçəkliyi özündə əks etdirən xüsusi naxış dilinə çevrilib. 8 müxtəlif rəngli yun iplərlərdən toxunmuş xalçanın texniki eskizinin müəllifi Sevinc Əliyevadır.