18 may – Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Günü münasibətilə 16-18 may tarixlərində Azərbaycan Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunacaq. Tədbirlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.

Mayın 16-da, saat 12:00-da xüsusi yaradılmış “Çələbi” otağında 13 yaşdan yuxarı uşaqlar üçün Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə “Mənim dünyam” adlı art terapiya seansı təqdim edəcək.

Gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədilə mayın 17-də, saat 16:00-da İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

Mayın 18-də, saat 12:00-da isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksinin şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il isə ICOM tərəfindən “Muzeylər, dayanıqlılıq və rifah” devizi elan edilib.

İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.gle/xDU8xuPSH8DbTCSX9