Şotlandiyanın Sent-Endryus şəhərində “İrsin dayanıqlı qorunması və təbliği: virtual muzey” mövzusunda konfrans keçirilib

21-24 sentyabr tarixlərində Şotlandiyanın Sent-Endryus şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Audiovizial, Yeni texnologiyalar və Sosial Media üzrə Beynəlxalq Komitəsinin “İrsin dayanıqlı qorunması və təbliği: virtual muzey” mövzusunda illik konfransı, həmçinin Audiovizual və innovativ muzey media istehsalı Festivalı keçirilib.

Azərbaycan Milli Xalça Muzeyinin baş mütəxəssisi, ICOM Azərbaycan Milli Komitəsinin katibi Rəma Zeynalova illik konfransda və Festivalda iştirak edib.

O, konfransda “Azərbaycan Milli Xalça Muzeyində sərhədlər aşılır: virtual muzey əlçatanlığı artıran vasitə kimi” adlı məruzə ilə çıxış edib. R.Zeynalova Azərbaycan Milli Xalça Muzeyinin fəaliyyəti, xüsusilə muzeyin “Tanınmış simalarla virtual tur” layihəsi, onun əhəmiyyəti barədə məlumat verib. O, bu layihənin pandemiya dövründə muzeyi insanlar üçün əlçatan etməsi və digər üstünlükləri barədə də danışıb.

ICOM Azərbaycan Milli Komitəsinin katibi konfrans çərçivəsində baş tutan “workshop”a da qatılıb.

Konfransda Azərbaycan, Yaponiya, Zambiya, ABŞ, Belçika, Misir, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Avstriya, İspaniya, Pakistan, Niderland, Macarıstan, İtaliya və Meksika, Kamerundan nümayəndələr iştirak edib.