Xalça Muzeyində “44 günün zəfəri” adlı tədbir keçirilib
Azərbaycan Milli Xalça Muzeyinin kollektivi 27 sentyabr – Anım Günü ilə əlaqədar İkinci Qarabağ müharibəsinin qaziləri ilə İkinci Fəxri Xiyabanı ziyarət ediblər. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə gül dəstələri düzüblər.
Sonra muzeydə Anım Gününə həsr olunmuş “44 günün zəfəri” adlı tədbir keçirilib. İştirakçılar Vətən müharibəsində şəhid olan igid oğulların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Abşeron nümayəndəliyinin sədri Tərlan Mahmudov, polkovnik-leytenant Firdovsi Vəliyev, baş leytenantlar Murad Əfəndiyev, Pəsərək Fərzalı, Mail Əsgərov İkinci Qarabağ müharibəsi, tarixi qələbəmiz haqqında çıxış ediblər, şəhidlərimiz, onların şücaəti, qəhrəmanlıqları ilə bağlı xatirələrini bölüşüblər.
Sonda qonaqlar üçün Azərbaycanın cəsur döyüşçülərinə həsr olunmuş “44 günün zəfəri” adlı videoçarx nümayiş olunub.