Bu gün xalça sənətinin mahir bilicisi, görkəmli alim, üç cildik fundamental “Azərbaycan xalçası” əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günüdür.
Bu gün xalça sənətinin mahir bilicisi, görkəmli alim, üç cildik fundamental “Azərbaycan xalçası” əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günüdür.
Lətif Kərimov dekorativ-tətbiqi sənətin ən qədim növlərindən olan xalçalarımızın milli və bədii xüsusiyyətlərini, texnologiyalarını dərindən bilən, onların dünyada tanıdılmasında böyük rolu olan, yaradıcılığında praktika və nəzəriyyəni paralel şəkildə inkişaf etdirən tanınmış şəxsiyyətdir.
Dünya şöhrətli sənətkar xalq ənənələrinin dirçəldilməsi, inkişafı və zənginləşdirilməsi üçün böyük fədakarlıq göstərib, məhz onun təşəbbüsü ilə 1967-ci ildə dünyada ilk dəfə xalçaların qorunub saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi muzey – Azərbaycan Milli Xalça Muzeyi yaradılıb.
Böyük alimin eskizləri əsasında toxunan “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “İslimi”, “Şəbi-hicran”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əsrlərin nəğməsi”, “Əcəmi” və s. qiymətli nümunələrlə milli irsimiz daha da zənginləşib.
Ömrünü xalçaçılıq sənətinə həsr edən görkəmli şəxsiyyət Lətif Kərimov öz yaradıcılığı ilə Azərbaycan incəsənət tarixində və bütün sənətsevərlərin qəlbində əbədi var olacaq.